Türkiyənin “Başakşəhər” klubu heyətini 2 yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, İstanbul təmsilçisi “Aston Villa”dan Mahmud Trezeqeni, “Benfika”dan isə Pizzini heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçu mövsümün sonuna qədər icarə əsasında “Başakşəhər”in uğuları üçün çalışacaq.
27 yaşlı Trezeqe 2019-cu ildən “Aston Villa”da çıxış edirdi. O, 2017-2019-cu illər aralığında Türkiyənin digər təmsilçisi “Kasımpaşa”da çıxış edib. Misir yığmasının üzvü “Əl Əhli”, “Anderlext” və “Muskron” kimi komandaların da uğurları üçün çalışıb. O, yeni komandasında 27 nömrəli formanı geyinəcək.
Tam adı Luis Migel Alfonso Fernandes olan Pizzi isə 2013-cü ildən “Benfika”da çıxış edir. 32 yaşlı yarımmüdafiəçi daha öncə “Espanyol” da icarə əsasında oynayıb. Portuqaliya yığmasının sabiq üzvü “Braqansa”, “Braqa”, “Ribeyrao”, “Kovilya”, “Pasuş de Ferreyra”, “Atletiko” və “Deportivo” kimi komandalarda da oynayıb. Portuqaliyalı futbolçu yeni komandasında 20 nömrəli formanı seçib.
“Başakşəhər” daha öncə Salih Uçan, Emre Çolak və Serdar Gürləri də heyətinə qatmışdı.