"Neftçi”nin baş məşqçi postuna namizədlərdən olan Viktor Qonçarenko Moldovanın “Şerif” klubunu çalışdıra bilər. Corner.az xəbər verir ki, bu barədə Belarus mətbuatı məlumat yayıb. Məlumatda, Qonçarenkonun hazırda “Şerif”in baş məşqçi postuna əsas namizədlərdən biri olduğu bildirilib. Onunla yanaşı, Rusiyanın gənclərdən ibarət yığmasını çalışdıran Mixail Qalaktionov da Tiraspol təmsilçisinin baş məşqçi postuna əsas namizədlərdən biri hesab olunur.
Belarus mətbuatının iddiasına görə, Qonçarenko “Neftçi” ilə razılığa gələ bilməyib. Bu üzdən də o, digər təklifləri nəzərdən keçirməyə başlayıb.
“Neftçi”nin baş məşqçi postuna digər əsas namizəd ukraynalı Yuri Vernidubdur. Hansı ki, o, bir neçə gün öncə məhz “Şerif”in baş məşqçi postundan rəsmən ayrılmışdı. Amma Ukrayna mətbuatına müsahibə verən Vernidub da hazırda ordu sıralarında vətəninin müdafiəsində olduğunu və ölkəsini tərk etmək istəmədiyini bəyan edib.