"Turan Tovuz”un yeni baş məşqçisi Ayxan Abbasovla rəsmi müqavilə imzalanıb. Corner.az xəbər verir ki, mərasim Tovuz şəhər stadionunda təşkil olunub.
41 yaşlı mütəxəssis əvvəlcə "Turan Tovuz" Futbol Akademiyasında yaradılmış şəraitlə və məşqçi heyəti ilə tanış olub. FIFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA-nın inşa etdirdiyi bazada olan Abbasov orada yaradılmış şəraitlə bağlı məlumatlandırılıb.
Daha sonra o, akademiyanın nümayəndələri və məşqçi heyəti ilə tanış olub. Mərasimə Qərb Regional Futbol Federasiyasının prezidenti Nadir Nəbiyev də qatılıb.
“Turan Tovuz”un yeni mövsümə hazırlıq planı da müəyyənləşib. Bu barədə Ayxan Abbasov məlumat verib. 41 yaşlı mütəxəssis iyunun 20-dən Tovuzda təlim-məşq toplanışı keçirəcəklərini söyləyib.
Onun sözlərinə görə, 6 günlük hazırlıq prosesi zamanı "Turan Tovuz"un ötən mövsüm I Divizionda çıxış etmiş futbolçuları və bir neçə klubun gənc oyunçuları sınaqdan çıxarılacaq. Baş məşqçi bildirib ki, daha sonra alınsa, qonşu ölkələrdən birində toplanış və yoldaşlıq görüşləri keçirməyə çalışacaqlar.
Abbasov transferlərin də olacağını, lakin bunun üçün büdcənin müəyyənləşməsinin zəruriliyini vurğulayıb: "Komanda 9 ildən sonra Premyer Liqaya qayıdır. Əlbəttə, büdcə artmalı, bilinməlidir. Çünki elitada oturuşmuş komandalar var. Onlarla mübarizə aparmalıyıq. Transfer etmək istəyiriksə, büdcəmizi bilməliyik. Bu yöndə apardığımız danışıqlar bir qədər vaxt apardı. Normal haldır".
Yeni baş məşqçi Premyer Liqada uzun səfərlərin "Turan Tovuz"a maneçilik törətməyəcəyinə əminliyini ifadə edib: "Biz digər komandalardan fərqli olaraq, evdə keçirəcəyimiz hər oyundan sonra səfərdə olacağıq. Bu da normaldır. Çalışacağıq ki, futbolçuları nəzərə alaraq, oyundan ən azı bir gün əvvəl səfərlərə gedək. Amma inanıram ki, uzun yol bizə mane olmayacaq. Çünki bundan da uzaq səfərlər var. Futbolçular peşəkar olmalıdır". (Report)