Batumi “Dinamo”sunun yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanın “Napoli”yə keçidi tam rəsmiləşib. Corner.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.
Sövdələşmənin məbləği, həmçinin tərəflər arasındakı müqavilənin detalları açıqlanmayıb. Lakin İtaliya mətbuatının iddiasına görə, Gürcüstan klubu bu keçiddən 10 milyon avro qazanıb. Xviça isə yeni klubunda ilinə təxminən 1 milyon avro alacaq.
Gürcü futbolçu 2021/22 mövsümünə Kazan “Rubin”ində başlamışdı. Martın sonunda Rusiya klubu futbolçu ilə müqavilənin dayandırıldığını açıqlamışdı. Futbolçu bundan sonra Batumi “Dinamo”su ilə 2 illik müqavilə imzalamışdı.
Xviça Azərbaycan millisinin keçmiş hucumçusu Badri Kvaratsxeliyanın oğludur.