29 noyabr 2024. Cümə

La Liqa klubları sabiq qapıçıları ilə gücləndi


  • Transfer
  • 15:49 08.07.2022
  • Oxunma sayı: 87
La Liqa klubları sabiq qapıçıları ilə gücləndi
İtaliyanın “Latsio” klubu qapıçısı Pepe Reyna ilə yollarını ayrıb. Corner.az xəbər verir ki, 39 yaşlı qolkiper bundan sonra karyerasını sabiq klubu “Vilyarreal”da davam etdirəcək.
 
Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. İspaniya milli komandasının sabiq qapıçısı ilə 1 illik müqavilə imzalanıb.
 
Pepe Reyna 2020-ci ildən “Latsio”da çıxış edirdi. “Barselona”nın yetirməsi olan, peşəkar karyerasına da bu komandada başlamış futbolçu, 2002-ci ildə Kataloniya təmsilçisindən ayrılaraq “Vilyarreal”a keçib. O, üç mövsüm ərzində bu komandada 147 matça çıxdıqdan sonra 2005-ci ildə İngiltərənin “Liverpul” klubuna transfer olunub. Təcrübəli qolkiper sonralar “Napoli”, “Bayern”, “Milan” və “Aston Villa”da da çıxış edib. Reyna İspaniya yığmasında da 36 oyun keçirib. 
 
“Vilyarreal” Reynanın gəlişi ilə yanaşı, öz qapıçısı Serxio Asenxo ilə də vidalaşıb. 33 yaşlı qolkiper də sabiq klubu “Valyadolid”ə qayıdıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Azad agent qimində heyətə cəlb olunan təcrübəli oyunçu ilə müddəti 2024-cü ilin yayına qədər olan anlaşma imzalanıb.
 
Serxio Asenxo da braziliyalı əfsanə - Ronaldonun sahibi olduğu “Valyadolid”in yetirməsidir. O, peşəkar karyerasına start verdiyi bu komandada 2009-cu ilə qədər oynadıqdan sonra Madrid “Atletiko”suna transfer olunub. Amma paytaxt klubunda az forma şansı qazanan qolkiper, əvvəlcə “Malaqa”da, daha sonra “Vilyarreal”da icarədə olub. 2014-cü ildə isə Asenxo birdəfəlik “Vilyarreal”a transfer olunub. O, 2020/21 mövsümündə "Vilyarreal"la  Avropa Liqasının qalibi də olub.
 






Transfer