İngiltərənin “Hall Siti” klubu heyətini yeni futbolçularla gücləndirib. Corner.az xəbər verir ki, TV8-in rəhbəri Acun Ilıcalının sahibi olduğu Çempionşip təmsilçisi “Fənərbaxça”dan icarəyə götürdüyü Allahyar Sayyadmaneşin transfer hüquqlarını alıb.
Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçu İngiltərə klubu ilə 4 illik müqaviləyə imza atıb.
Xatırladaq ki, Allahyar Sayyadmaneş “Fənərbaxça”ya 2019-cu ilin yayında İranın “İstiqlal” klubundan transfer olunmuşdu. Futbolçu geridə qalan mövsümün ikinci dövrəsini məhz “Hall Siti”də icarədə keçirmişdi. O, bu komandanın heyətində meydana çıxdığı 12 matçda 1 qol vurub. İran millisinin də üzvü olan futbolçu İstanbul təmsilçisində cəmi 3 matça çıxıb.
"Fənərbaxça" daha öncə Ozan Tufanı da "Hall Siti"yə satmışdı.
“Hall Siti” “Qalatasaray”ın sabiq yarımmüdafiəçisi Jan Mişel Serini də transfer edib. Çempionşip təmsilçisi 30 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalandığını açıqlayıb. 2018-ci ildən “Fulhem”də çıxış edən yarımmüdafiəçi, 2019/20 mövsümündə “Qalatasaray”da icarədə çıxış etmişdi.