İspaniyanın “Espanyol” klubu heyətinə yeni futbolçular cəlb edib. Corner.az xəbər verir ki, Barselona təmsilçisi “Alaves”dən hücumçu Xose Luis Mato Sanmartini (Xoselu) transfer edib.
Azad agent olan 32 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. O, 2019-cu ildən “Alaves”də forma geyinirdi. İspan hücumçu bu komandada 113 oyuna 36 qol vurub.
Daha bir yeni transfer “Malyorka”nın futbolçusu Brayan Olivandır. 28 yaşlı sol cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb. İspan futbolçu 2020-ci ildən oynadığı “Malyorka”da 47 oyuna çıxıb, 1 qol vurub.
İspaniya klubu bu ilin əvvəlində Rusiyanın “Krasnodar” klubundan icarətə götürdüyü yarımmüdafiəçi Tonni Vilyenanın da transfer hüquqlarını alıb. 27 yaşlı futbolçu ilə də 3 illik müqavilə imzalanıb. O, geridə qalan mövsümün ikinci dövrəsində La Liqa təmsilçisinin heyətində 17 matça çıxıb. Niderlandlı futbolçu 2019-cu ildən “Krasnodar”da çıxış edirdi. Vilyena Niderland millisində də 15 matça çıxıb.
“Espanyol” “Monako”dan qapıçı Benjamen Lekomtu ilə “Lommel”in yarımmüdafiəçi Vinisius Souzanı icarəyə götürüb. Onların hər ikisi 2022/23 mövsümünün sonuna kimi La Liqa klubunda çıxış edəcək.
Lekomt 2019-cu ildən “Monako”da çıxış edir. O, ötən mövsümü icarə əsasında Madrid “Atletiko”sunda keçirib.
Vinisius Souza isə Braziliyanın “Flamenqo” klubunun yetirməsidir. 23 yaşlı braziliyalı futbolçu 2020-ci ildə “Flamenqo”dan ayrılaraq Belçika “Lommel”inə keçib.