İtaliyanın “Atalanta” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, A Seriyası təmsilçisi “Salernitana”nın yarımmüdafiəçisi Edersonu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. “Salernitana” braziliyalı futbolçunun transferindən 21 milyon avro qazanıb.
Ederson “Salernitana”ya bu ilin yanvar ayında transfer olunmuşdu. O, yarım mövsüm ərzində bu komandanın heyətində 15 oyun keçirib, 2 qol vurub. Yarımmüdafiəçi əvvəllər “Desportivo Brazil”, “Kruzeyro”, “Korintians” və “Fortaleza”da da forma geyinib.
“Atalanta” öz müdafiəçisi Matteo Lovatonu da “Salernitana”ya satıb. 22 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.
“Atalanta” yarımmüdafiəçisi Enriko Del Pratonu da “Parma”ya satıb. İtaliyanın U-21 yığmasında çıxış edən gənc futbolçu ötən mövsümü məhz bu komandada icarədə keçirmişdi. “Atalanta” 22 yaşlı futbolçunu daha öncə “Livorno” və “Recina”ya da icarəyə vermişdi.
Berqamo təmsilçisi digər yarımmüdafiəçisi Matteo Pessinanı isə icarəyə göndərib. 25 yaşl futbolçu qarşıdakı mövsümü “Monza”da keçirəcək. İtaliyalı oyunçu 2017-ci ildən çıxış etdiyi “Atalanta”da 96 oyuna 6 qol vurub. Peşəkar karyerasına da məhz “Monza”da başlamış Pessina, daha sonra “Milan”a keçsə də, burada forma şansı qazanmayıb və “Leççe”, “Kataniya”, “Komo” kimi komandalara icarəyə verilib. Pessina 2017/18 mövsümündə “Spesiya”da, 2019/20 mövsümündə də “Verona”da icarədə oynayıb. İtaliya millisində 14 oyun keçirmiş futbolçu, 4 qola imza atıb.