“Styaua” ilə müqaviləsi başa çatan futbolçu Qabriel Simion karyerasını Azərbaycanda davam etdirmək niyyətindədir. Corner.az xəbər verir ki, ölkəsinin mətbuatına müsahibə verən hazırda azad agent olan 24 yaşlı yarımmüdafiəçi keçmiş çalışdırıcısı olan “Neftçi”nin hazırkı baş məşqçisi Laurentsiu Regekampfdan dəvət gözlədiyini bildirib:
“Peşəkar komandaya yüksəlişim Regekampfın dönəmində olub. O, karyerama böyük təsir etdi, əsasən də fiziki cəhətdən çox inkişaf etdim. Regekampf çox yaxşı məşqçidi. Lazım olanda ciddi davranır, lazım olanda zarafatlaşmağı bilir. Onun komandası “Neftçi” Konfrans Liqasında ötən mövsüm icarə əsasında formasını geyindiyim “Aris”lə qarşılaşacaq. Məni Azərbaycana dəvət etsə, məmnuniyyətlə gedərəm. Niyə də olmasın? Regekampfla çoxdandı əlaqə saxlamıram, amma onun olduğu komandaya sev-sevə gedərəm”.
Qeyd edək ki, 2016-2022-ci illərdə müqavilə ilə “Styaua”ya məxsus olan Qabriel Simion bu müddətdə bir neçə klubda icarə əsasında oynayıb.