İtaliyanın “Fiorentina” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Florensiya klubu A Seriyasının digər təmsilçisi “Atalanta”da çıxış edən Pyerluici Qollinini transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı qapıçı satınalma şərti ilə icarəyə götürülüb.
Pyerluici Qollini 2017-ci ildən “Atalanta”da çıxış edirdi. İtaliyalı qapıçı bu komandanın heyətində 112 oyuna çıxıb. “Atalanta” geridə qalan mövsümdə qolkiperini İngiltərənin “Tottenhem” klubuna da icarəyə vermişdi. İtaliya millisində də 1 oyun keçirmiş qapıçı, əvvəllər “Verona” və “Aston Villa”nın formasını geyinib.
“Fiorentina” hücumçusu Samuele Spallutonu da “Ternana”ya icarəyə göndərib. 21 yaşlı futbolçunun B Seriyası təmsilçisi tərəfindən satınalma şərti ilə icarəyə götürüldüyü diqqətə çatdırılıb.
Florensiya klubu yarımmüdafiəçisi Kristobol Montiel ilə də yollarını ayırıb. İspaniyadan olan 22 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 2018-ci ildə “Malyorka”dan transfer olunmuş yarımmüdafiəçi, İtaliya klubunda möhkəmlənə bilmədiyi üçün “Vitoriya de Setubal”, “Syena” və “Atletiko Baleares” komandalarına icarəyə verilmişdi.