Futbol üzrə Fil Dişi Sahili yığmasının sabiq hücumçusu Jervinyo Türkiyənin “Trabzonspor” klubundan ayrılıb. Corner.az xəbər verir ki, 35 yaşlı futbolçu karyerasını Yunanıstanın “Aris” klubunda davam etdirəcək.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Artıq Yunanıstana yollanan Jervinyo tibbi müayinələrdən keçdikdən sonra rəsmi müqaviləyə qol çəkəcək.
Jervinyo 2021-ci ilin yayından “Trabzonspor”da çıxış edirdi. Təcrübəli forvard geridə qalan mövsümdə bu komandanın heyətində cəmi 13 matça çıxıb və 2 qol vurub. O, daha öncə “Beveren”, “Le Mans”, “Lill”, “Arsenal”, “Roma” “Hebey” və “Parma” klublarında da çıxış edib.