Türkiyənin “Girəsunspor” klubu heyətini yeni futbolçularla gücləndirib. Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi müdafiəçi Alper Uludağla hücumçular Varol Taşar və Riad Bayiçi transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Varol Taşar İsveçrənin “Lütsern” klubundan qarşıdakı mövsümün sonunadək icarəyə götürülüb. Riad Bayiçlə Alper Uludağ isə azad agent kimi transfer olunub. Amma onlarla imzalanan müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Bosniya və Herseqovina yığmasının üzvü peşəkar karyerasına “Jelezniçar” klubunda başlayıb. 28 yaşlı oyunçu 2015-2017-ci illər aralığında “Konyaspor”da forma geyinib. 2017-ci ildə Konya təmsilçisindən ayrılan bosniyalı futbolçu İtaliyanın “Udineze” klubuna transfer olunub. Lakin bu komandada möhkəmlənə bilməyən oyunçu, 2018/19 mövsümündə “Başakşəhər”də, 2019/20 mövsümündə “Konyaspor”da icarədə oynamağa qərar verib. Son iki mövsümdə isə futbolçu “Askoli” və “Breşiya”da icarədə olub. Bosniya və Herseqovina yığmasında 12 oyun keçirmiş hücumçu, qol vura bilməyib.
Almaniyada dünyaya göz açan Türkiyə əsilli Varol Taşar isə peşəkar karyerasına İsveçrənin “Old Boys” klubunda başlayıb. Sonralar “Klinqnau” və “Aarau” klublarında da forma geyinmiş futbolçu, 2019-2021-ci illər aralığında “Servett”də çıxış edib. 2020/21 mövsümündə “Lütsern”ə icarəyə verilən 25 yaşlı forvard, ötən il birdəfəlik bu kluba transfer olunub.
Belçika doğumlu Alper Uludağ isə PSV-nin futbol akademiyasının yetirməsi olmasına baxmayaraq, peşəkar karyerasına Almaniyanın “Alemanniya Ahen” klubunda başlayıb. 31 yaşlı müdafiəçi sonralar “İnqolştadt”, “Kayserispor”, “Trabzonspor”, “Akhisar Bələdiyyəspor”, “Gənclərbirliyi”ndə də forma geyinib. Təcrübəli futbolçu 2019-cu ildən “Konyaspor”da çıxış edirdi. Uludağ Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.