Türkiyənin “Qalatasaray” klubu hücumçusu Mbaye Diagne ilə yollarını ayırıb. Corner.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
30 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Mbayenin yeni klubu da artıq bəllidir. Seneqallı futbolçu, bundan sonra Super Liqanın digər təmsilçisi “Fatih Karagümrük”ün uğurları üçün çalışacaq. Bu barədə onun yeni klubu məlumat yayıb. Tərəflər 1 illik müqaviləyə imza atıblar.
Xatırladaq ki, “Qalatasaray” bu futbolçunu 2019-cu ilin yanvarında “Kasımpaşa”dan 10 milyon avroya transfer etmişdi. O, İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 61 oyunda 26 qol vurub, 4 məhsuldar ötürmə edib.
Karyerasının ilk illərində “Brandizzo” və “Bra” komandalarında oynamış Mbaye Diaqne 2013-cü ildə “Yuventus”a transfer olunub. Lakin o, Turin təmsilçisinin əsas komandasına yüksələ bilmədiyi üçün “Ayaçço”, “Lyers”, “Əl-Şabab”, “Vesterlo” və “Uypeşt” kimi klublara icarəyə verilib. 2016-cı ilin əvvəlində “Yuventus”dan ayrılan forvard, Çinin “Tianjin Teda” klubuna transfer olunub. Cəmi bir il sonra, 2018-ci ilin yanvarında isə futbolçu “Kasımpaşa”ya transfer olunub. “Qalatasaray”da olduğu müddətdə isə Diaqne iki kluba icarəyə verilib. 2019/20 mövsümündə “Brügge”yə üz tutan seneqallı hücumçu, 2021-ci ildə də “Vest Bromviç”də çıxış edib. Mbaye Seneqal yığmasında da 11 oyun keçirib.