29 noyabr 2024. Cümə

Qalatasaray'da bir ayrılıq, bir yeni hücumçu


  • Transfer
  • 10:52 20.07.2022
  • Oxunma sayı: 101
Qalatasaray'da bir ayrılıq, bir yeni hücumçu
Türkiyənin “Qalatasaray” klubu heyətinə yeni futbolçu cəlb edib. Corner.az xəbər verir ki, İstanbul təmsilçisi Portuqaliyanın “Benfika” klubunun hücumçusu Haris Seferoviçi transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı futbolçu 2022/23 mövsümünün sonuna kimi icarəyə götürülüb. Mövsümün sonunda Türkiyə klubu “Benfika”ya 3.5 milyon avro ödəməklə futbolçunun transfer hüquqlarını da ala bilər. İsveçrəli futbolçunun özü isə İstanbul təmsilçisində ilinə 2 milyon avro qazanacaq.
 
Haris Seferoviç 2017-ci ildən “Benfika”da çıxış edirdi. O, bu komandanın heyətində keçirdiyi 5 mövsüm ərzində 188 matça çıxıb, 74 qol vurub. Təcrübəli hücumçu əvvəllər “Qrasshopper”, “Fiorentina”, “Ksamaks”, “Leççe”, “Novara”, “Real Sosyedad” və “Ayntraxt” kimi klubların da formasını geyinib. İsveçrə yığmasında 86 oyun keçirmiş futbolçu, 25 qol vurub.
 
“Qalatasaray” öz hücumçusu Mustafa Məhəmmədi də Fransanın “Nant” klubuna icarəyə göndərib. 24 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna kimi Liqa 1 təmsilçisində çıxış edəcək. “Nant” mövsümün sonunda 6 milyon avro ödəməklə misirli futbolçunu birdəfəlik transfer edə bilər.
 
Xatırladaq ki, Mustafa Məhəmməd 2021-ci ildən “Qalatasaray”da çıxış edirdi. Misirin “Zamalek” klubundan icarəyə götürülmüş futbolçu ilyarım bu komandada oynadıqdan sonra onun transfer hüquqları da alınmışdı. “Sarı-qırmızılılar” bu keçidə görə Misir klubuna 4 milyon avro ödəmişdi. Hücumçu İstanbul təmsilçisində bütövlükdə 58 matça çıxıb, 17 qola imza atıb. Misir yığmasında 21 oyuna çıxan futbolçu, 4 qol vurub.






Transfer