Türkiyənin “Antalyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi isveçli yarımmüdafiəçi Sam Larssonu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Son olaraq Çinin “Dalian Professional” klubunda çıxış edən vinger, yeni klubu ilə 2+1 illik müqavilə bağlayıb. 29 yaşlı futbolçu daha öncə “Göteborq”, “Herenven” və “Feyenoord”da da oynayıb. Larsson İsveç yığmasında 4 oyuna çıxıb, 1 qol vurub.
“Antalyaspor” ötən ilin yayında Norveçin “Sonneryusk” klubundan icarəyə götürdüyü Haci Raytı da transfer edib. Amerikalı forvardın icarə müqaviləsinin müddəti bitdiyi üçün Antalya təmsilçisi onu birdəfəlik alıb. 24 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Haci Rayt ötən mövsüm bu komandanın heyətində 31 oyuna çıxıb, 14 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha öncə “Nyu-York Kosmos”, “Şalke”, “Sandhauzen” və “Venlo” kimi klublarda da forma geyinib. ABŞ millisində 3 oyun keçirmiş forvard, cəmi 1 qol vura bilib.
“Antalyaspor” öz müdafiəçisi Mert Yılmazı da Super Liqanın yeni iştirakçılarından olan “Ümraniyəspor”a icarəyə verib. 23 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna qədər icarədə oynayacaq.