Futzal üzrə UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb. Corner.az xəbər verir ki, ölkə çempionu bu dəfə Oktay Rüstəmlini heyətinə cəlb edib.
Müxtəlif illərdə “Araz-Naxçıvan”ın formasını geyinmiş hücumçu son mövsümü “Neftçi” İK-nın heyətində keçirib və ölkə kubokunun qalibi olub. 28 yaşlı futzalçı ilə anlaşma mövsümün sonuna qədərdi.
Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Rövşən Hüseynli, Xəzər Ağalızadə, Cavad Məmmədov, eləcə də braziliyalı Mateus Katatau, Varqas Amenqual Andreu, Vitao və Viktor Uqo Piresa ilə müqavilə imzalayıb. Əvəzində karyerasını başa vuran Rizvan Fərzəliyev, eləcə də müqaviləsi başa çatan Murilo Borges, Dmitri Bondarev, İsa Atayev, Xətai Bağırov və Maneka komandadan ayrılıb.