Türkiyənin “Ümraniyəspor” klubu heyətini yeni futbolçularla gücləndirib. Corner.az xəbər verir ki, Super Liqanın yeni təmsilçisi qanalı yarımmüdafiəçi İsaak Saki, gürcü yarımmüdafiəçi Nika Qaqnidze və müdafiəçilər Onur Atasayarla Mert Yılmazı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Nika Qaqnidze Gürcüstanın “Dila” klubundan, Mert Yılmaz isə “Antalyaspor”dan qarşıdakı mövsümün sonuna kimi icarəyə götürülüb. Hər iki oyunçunun müqaviləsində satınalma şərti də var. İsaak Saki və Onur Atasayar isə yeni klubu ilə 1+1 illik müqaviləyə imza atıblar.
Almaniya doğumlu Mert Yılmaz 2020-ci ildən “Antalyaspor”da çıxış edir. O, daha öncə Almaniyada “Leypsiq” və “Bayern”in ikinci komandasında forma geyinib. 23 yaşlı müdafiəçi Türkiyənin U-19 və U-21 yığmalarında da oynayıb.
Nika Qaqnidze isə “Dila”nın öz yetirməsidir. 21 yaşlı futbolçu bu klubun əsas komandası ilə yanaşı, Gürcüstanın U-19 və U-21 yığmalarının da formasını geyinib.
İsaak Saki son olaraq “Hatayspor”da forma geyinib. 28 yaşlı futbolçu 2020-ci ildən bu klubda çıxış edirdi. O, Türkiyədə daha öncə “Alanyaspor” və “Dənizlispor”un da şərəfini qoruyub. “Liberti Professionals” və “Slovan” (Liberets) komandalarında da çıxış etmiş dayaq yarımmüdafiəçisi, Qana yığmasında 4 oyun keçirib.
Sol cinah müdafiəçisi olan Onur Atasayar isə 2017-ci ildən “Bursaspor”da çıxış edirdi. 27 yaşlı futbolçu əvvəllər “Ankaragücü”də, həmçinin Türkiyənin U-19 və U-20 yığmalarında da oynayıb.
Qeyd edək ki, “Ümraniyəspor” tarixində ilk dəfə Super Liqada iştirak hüququ qazanıb.