28 oktyabr 2024. Bazar ertəsi

Latsio hücumçusunu La Liqa klubuna satdı


  • Transfer
  • 23:48 22.07.2022
  • Oxunma sayı: 90
Latsio hücumçusunu La Liqa klubuna satdı
İspaniyanın “Malyorka” klubu həyətinə yeni futbolçular cəlb edib. Corner.az xəbər verir ki, La Liqa təmsilçisi kosovolu hücumçu Vedat Muriqi və serbiyalı qapıçı Predraq Raykoviçi transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Raykoviçlə 4, Muriqi ilə 5 illik müqavilə imzalanıb.
 
La Liqa klubu Predraq Raykoviçə görə Fransa təmsilçisinə 2 milyon avro ödəyibsə, Vedat Muriqi üçün isə "Latsio"ya 9.5 milyon avro ödənildiyi iddia olunur.
 
Vedat Muriqi “Latsio”ya 2020-ci ildə Türkiyənin “Fənərbaxça” klubundan gəlmişdi. Amma 28 yaşlı futbolçu paytaxt klubunun əsas heyətinə düşə bilməyib. Bu komandada cəmi 49 oyun keçirib, 2 qol vuran futbolçu, geridə qalan mövsümün bir hissəsini məhz “Malyorka”da icarədə keçirmişdi. O, La Liqa klubunda 17 oyunda 5 qol vurmuşdu. Muriqi karyerası ərzində “Rizəspor”, “Gənclərbirliyi”, “Girəsunspor” kimi klublarda da forma geyinib. Kosovo yığmasında 42 oyuna çıxan hücumçu, 20 qola imza atıb.
 
Predraq Raykoviç 2019-cu ildən “Reyms”də çıxış edirdi. 26 yaşlı qolkiper bu komandada 106 oyun keçirib. Serbiyalı futbolçu əvvəllər “Yaqodina”, “Srvena Zvezda” və “Makkabi” (Təl-Əviv, İsrail) komandalarında da forma geyinib. O, Serbiya millisində də 28 oyun keçirib.
 
“Malyorka” öz qapıçısı Leo Romanla da yeni müqavilə bağlayıb. 22 yaşlı qolkiper 2026-cı ilin yayına kimi bu komandanın uğurları üçün çıxış edəcək. İspan qolkiper, 2020-ci ildən bu komandada çıxış edir.
 
"Malyor"ka müdafiəçisi Aleksandr Sedlar və yarımmüdafiəçisi Aleks Febas isə yolların ayrıldığını diqqətə çatdırıb. Febas bu ilin əvvəlində icarəyə verildiyi “Malaqa”ya satılıb. “Real”ın yetirməsi olan 26 yaşlı futbolçu 2019-cu ildən “Malyorka”da çıxış edirdi. O, “Saraqosa” və “Albasete”də də çıxış edib, İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarında forma geyinib.
 
Sedlar da 2019-cu ildən bu klubda idi. Serbiya yığmasında 2 oyun keçirmiş 30 yaşlı futbolçu, bundan sonra “Alaves”in uğurları üçün çalışacaq. O, daha öncə ölkəsində “Veternik”, “Metalak”, “Pyast” kimi klubların da formasını geyinib.






Transfer