Futbol üzrə Niderland yığmasının sabiq yarımmüdafiəçisi Rayan Babel “Qalatasaray”dan ayrılıb. Corner.az xəbər verir ki, 35 yaşlı vinger bundan sonra TFF 1-ci liqada mübarizə aparan “Eyüpspor”da çıxış edəcək.
Bu barədə TFF 1-ci liqa klubunun mətbuat xidməti məlumat yayıb. Tərəflər 1 illik müqaviləyə imza atıblar. Komanda qarşıdakı mövsümün sonunda Super Liqaya yüksəlsə, Babellə müqavilənin müddəti avtomatik olaraq daha 1 il uzadılacaq.
Babel 2019-cu ildən “Qalatasaray”da forma geyinirdi. O, geridə qalan mövsümdə bu komandanın heyətində 42 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Babel Türkiyədə əvvəllər “Kasımpaşa” və “Beşiktaş”ın da uğurları üçün çalışıb. Peşəkar karyerasına yetirməsi olduğu “Ayaks”da başlamış vinger, “Liverpul”, “Hoffenhaym”, “Əl-Əyn”, “Deportivo” və “Fulhem”də də oynayıb. O, Niderland yığmasında 69 oyuna 10 qol vurub.