28 oktyabr 2024. Bazar ertəsi

Berluskoninin klubu yeni transferlərini açıqladı


  • Transfer
  • 14:02 23.07.2022
  • Oxunma sayı: 105
Berluskoninin klubu yeni transferlərini açıqladı

“Milan”ın sabiq prezidenti Silvio Berluskoninin sahibi olduğu İtaliyanın “Monza” klubu heyətinə yeni futbolçular cəlb edib. Corner.az xəbər verir ki, A Seriyada mübarizə aparacaq komanda müdafiəçi Samuele Birindelli, yarımmüdafiəçi Filippo Ranokkya və hücumçu Canluka Kaprarini transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Piza”dan transfer olunan Birindelli ilə 4 illik müqavilə imzalanıb.  “Yuventus” və “Verona”dan transfer olunan Ranokkya və Kaprari isə satınalma şərti ilə qarşıdakı mövsümün sonunadək icarəyə götürülüb.

Samuele Birindelli peşəkar karyerasına yetirməsi olduğu “Piza”da başlayıb və yalnız bu komandanın formasını geyinib. Əsas komandada 17 yaşındaykən debüt edən futbolçu, bütövlükdə 192 matça çıxıb, 17 qol vurub. 23 yaşlı futbolçu sağ cinah müdafiəçisidir.

Filippo Ranokkya isə “Yuventus”un yetirməsidir. Turin klubunun gənclərdən ibarət kollektivində forma geyinən futbolçu, əsas komandada debüt şansı qazanmayıb. Bu üzdən də 21 yaşlı futbolçu “Peruca” və “Viçentsa” kimi komandalarda icarədə oynayıb. Yarımmüdafiəçi İtaliyanın U-21 yığmasına da dəvət alır.

Canluka Kaprari də “Roma”nın yetirməsidir. 28 yaşlı hücumçu 2021-ci ildən “Verona”da forma geyinirdi. O, karyerası ərzində “Peskara”, “Sampdoriya”, “Parma” və “Benevento”nun da uğurları üçün çalışıb. Forvard İtaliya yığmasında 1 oyun keçirib.








Transfer