İspaniyanın “Osasuna” klubu heyətinə yeni futbolçu cəlb edib. Corner.az xəbər verir ki, La Liqa təmsilçisi “Levante”nin qapıçısı Aytor Fernandesi transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı qolkiper 3 illik müqaviləyə imza atıb. “Osasuna”nın ispan qolkiper üçün “Levante”yə nə qədər təzminat ödədiyi açıqlanmayıb. Amma klub yeni futbolçusuna 14 milyon avro qiymət qoyub.
Aytor Fernandes 2018-ci ildən “Levante”də çıxış edirdi. O, bu komandanın heyətində 103 oyun keçirib. İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış ispan qapıçı, “Baskoniya”, “Atletik”, “Barakaldo”, “Vilyarreal” və “Numansiya”da çıxış edib.