İspaniyanın “Selta” klubu heyətini yeni futbolçularla gücləndirib. Corner.az xəbər verir ki, La Liqa təmsilçisi amerikalı yarımmüdafiəçi Luka de la Torre və ispaniyalı mərkəz müdafiəçisi Unay Nunesi transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Niderlandın “Herakles” klubundan gələn Luka de la Torre ilə 4 illik müqavilə imzalanıb. Klub 24 yaşlı futbolçu üçün qarşı tərəfə 2 milyon avro ödəyib. ABŞ yığmasının üzvü, 2020-ci ildən Niderland klubunun uğurları üçün çalışırdı. O, bu komandanın heyətində meydana çıxdığı 67 oyunda 2 qol vurub. Torre daha öncə İngiltərədə “Fulhem”in formasını geyinib.
Unay Nunes isə Bilbao “Atletik”indən qarşıdakı mövsümün sonuna kimi icarəyə götürülüb. 25 yaşlı futbolçu 2016-cı ildən formasını geyindiyi Bilbao təmsilçisində 107 oyun keçirib, 3 qolla yadda qalıb. O, daha öncə “Baskoniya”da və İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarında da çıxış edib.
“Selta” öz yarımmüdafiəçisi Orbelin Pinedanı da Yunanıstanın AEK klubuna icarəyə verib. 26 yaşlı futbolçu İspaniya klubuna bu ilin yanvarında transfer olunsa da, gözlənilən ümidləri doğrultmayıb. Meksika yığmasının üzvü, əvvəllər “Krus Asul”, “Qvadalaxara” və “Keretaro”da da oynayıb. O, milli komandada 48 oyuna 6 qol vurub.