İngiltərənin “Vest Hem” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İtaliyanın “Sassuolo” klubundan Canluka Skamakkanı transfer edib.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. 23 yaşlı hücumçu yeni klubu ilə 5+1 illik müqaviləyə imza atıb. “Vest Hem” italiyalı futbolçunun transferinə görə “Sassuolo”ya 35.5 milyon sterlinq ödəyib. Həmçinin futbolçunun gələcəkdəki mümkün satışından da 10 faiz pay İtaliya təmsilçisinə çatacaq.
Canluka Skamakka peşəkar karyerasına məhz “Sassuolo”da başlayıb. O, geridə qalan mövsümdə bu komandanın heyətində meydana çıxdığı 38 oyunda 16 qol vurub. O, əvvəlki mövsümlərdə “Kremoneze”, “Zvolle”, “Askoli” və “Cenoa” kimi klublarda icarədə oynayıb.