28 oktyabr 2024. Bazar ertəsi

Fənərbaxça 2 braziliyalı futbolçu ilə gücləndi


  • Transfer
  • 11:02 30.07.2022
  • Oxunma sayı: 114
Fənərbaxça 2 braziliyalı futbolçu ilə gücləndi
Türkiyənin “Fənərbaxça” klubu növbəti transferlərini açıqlayıb. Corner.az xəbər verir ki, İstanbul təmsilçisi braziliyalı müdafiəçilər - Qustavo Enrike və Luan Peresi heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Qustavo Enrike Braziliya “Flamenqo”sundan 1 illik icarəyə götürülüb. Marsel “Olimpik”indən transfer olunan Luan Pereslə isə 3 illik müqavilə imzalanıb.
 
Qustavo Enrike “Santos”un yetirməsidir. 29 yaşlı futbolçu 2020-ci ildən “Flamenqo”da çıxış edirdi. Mərkəz müdafiəçisi bu komandanın heyətində meydana çıxdığı 70 oyunda 6 qol da vurub. Qustavo Braziliyanın U-20 və U-23 yığmalarında da oynayıb.
 
Luan Peres isə ötən ilin yayında “Santos”dan “Olimpik”ə transfer olunmuşdu. Mərkəz müdafiəçisi geridə qalan mövsümdə Marsel təmsilçisinin heyətində 49 oyuna çıxıb, 3 məhsuldar ötürmə ilə yadda qalıb. 28 yaşlı futbolçu daha öncə “Portuqeza”, “Santa Krus”, “Red Bull Brazil”, “İtuano”, “Ponte Preta”, “Fluminense” və “Brügge”də də oynayıb.
 
Türkiyə mətbuatının yazdığına görə, “Fənərbaxça” Luan Peresə görə Marsel klubuna 4.5 milyon avro ödəyib. Mərkəz müdafiəçisi özü isə yeni klubunda ilinə 1.3 milyon avro qazanacaq.
 
Yeri gəlmişkən, “Fənərbaxça”nın müdafiəçisi Kim Min-Jaeni də İtaliyanın “Napoli” klubuna keçidi rəsmiləşib. Neapol təmsilçisi koreyalı futbolçunun transferi üçün Türkiyə klubunda 18 milyon avro ödəyib. 25 yaşlı futbolçu yeni klubu ilə 3+2 illik müqavilə bağlayıb. Kim Min-Jaeni isə “Napoli”də ilinə 2.5 milyon avro qazanacaq. İtaliya klubu yeni müdafiəçisinə 45 milyon avro qiymət qoyub.
 
Kim Min Jae “Fənərbaxça”ya 2021-ci ilin avqustunda Çinin “Beijing Qoan” klubundan 3 milyon avro qarşılığında transfer olunmuşdu. O, bu komandanın heyətində meydana çıxdığı 40 oyunda 1 qol da vurub. Mərkəz müdafiəçisi Cənubi Koreya yığmasının heyətində meydana çıxdığı 42 oyunda 3 qol vurub.






Transfer