İngiltərənin “Tottenhem” klubu müdafiəçisi Ben Devis ilə müqavilənin müddətini artırıb. Corner.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
29 yaşlı futbolçu yeni müqaviləyə əsasən 2024/25 mövsümünün sonunadək London klubunun uğurları üçün çalışmağa davam edəcək. Uelsli oyunçu əvvəlki sözləşməsi gələn ilin yayında başa çatacaqdı.
Ben Devis 2014-cü ildən “Tottenhem”də çıxış edir. Uelsdən olan mərkəz müdafiəçisi London təmsilçisində keçirdiyi 8 mövsüm ərzində 271 oyuna çıxıb, 6 qola imza atıb. O, daha öncə yetirməsi olduğu “Suonsi Siti”də də oynayıb. Uels yığmasında 74 oyun keçirmiş futbolçu 1 qol vurub.
“Tottenhem” gənc hücumçusu Troy Perrotla da müqavilə yeniləyib. 20 yaşlı futbolçu da yeni müqavilə ilə 2025-ci ilin yayına kimi London klubunun uğurları üçün çalışacaq. O, yeni müqaviləni imzaladıqdan sonra “Preston Nort End” klubuna icarəyə verilib. İrlandiyalı futbolçu 2023-cü ilin yayına kimi bu komandada forma geyinəcək.
Troy Perrot “Tottenhem”in öz yetirməsidir. O, bu klubun əsas komandasında cəmi 4 oyuna çıxıb. London klubu Perrotu daha öncə “Milluol”, “İpsviç Taun” və “Milton Kins Dons”a da icarəyə verib.