28 oktyabr 2024. Bazar ertəsi

Başakşəhər'də 3 ayrılıq


  • Transfer
  • 18:16 03.08.2022
  • Oxunma sayı: 101
Başakşəhər'də 3 ayrılıq
Türkiyənin “Başakşəhər” klubu yarımmüdafiəçisi Emre Çolak ilə yollarını ayırıb. Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə,31 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi vurğulanıb. Hücumameylli yarımmüdafiəçinin artıq yeni klubu da bəllidir. O, bundan sonrakı karyerasını “Göztəpə”də davam etdirəcək. Təcrübəli futbolçu bu yay elitanı tərk edən İzmir klubu ilə 1+1 illik müqavilə imzalayıb.
 
Emre Çolak bu ilin əvvəlində “Başakşəhər”ə keçmişdi. Türkiyə millisində də 4 oyun keçirmiş futbolçu “Qalatasaray”ın yetirməsidir. O, 2016-cı ildə məhz İstanbul təmsilçisindən İspaniyanın “Deportivo” klubuna transfer olunmuşdu. Yarımmüdafiəçi karyerası ərzində “Əl-Vehda”, “Fatih Karagümrük” və “Hatayspor” klublarında da forma geyinib. 
 
“Başakşəhər” digər hücumameylli yarımmüdafiəçisi Emir Şenocakı da “Bandırmaspor” klubuna satıb. Amma 20 yaşlı futbolçunun müqaviləsində onun təkrar geri satın alınmasına dair bənd də olduğu diqqətə çatdırılıb. Şenocak 2019-cu ildən İstanbul təmsilçisində forma geyinirdi.
 
“Başakşəhər”in hücumçusu Atabey Çiçek də “Bandırmaspor”a icarəyə verilib. 27 yaşlı forvard 2022/23 mövsümünün sonuna qədər bu komandada çıxış edəcək.
 
Atabey Çiçek 2017-ci ildən “Başakşəhər”də çıxış edirdi. O, bu müddət ərzində “Adana Dəmirspor”, “Ümraniyəspor”, “Samsunspor” və “Vesterlo” klublarına da icarəyə verilmişdi. Hücumçu 2016/17 mövsümündə də “Bandırmaspor”un uğurları üçün çalışıb. O, “Gənclərbirliyi”, “Boluspor” və “Hacettepe”nin də formasını geyinib.






Transfer