Türkiyənin “Fənərbaxça” klubu heyətinə yeni futbolçu cəlb edib. Corner.az xəbər verir ki, İstanbul təmsilçisi qapıçı İrfan Can Eğribayatı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı qolkiper “Göztəpə”dən satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürülüb.
İrfan Can Eğribayat “Adanaspor”un yetirməsidir. O, 2020-ci ildə məhz bu klubdan “Göztəpə”yə transfer olunmuşdu. Son iki mövsümdə İzmir təmsilçisinin əsas qapıçısı olan İrfan, Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.
“Fənərbaxça” müdafiəçisi Emir Ortakayanı da “Göztəpə”yə icarəyə göndərib. 18 yaşlı futbolçunun mövsümün sonunadək İzmir təmsilçisində çıxış edəcəyi diqqətə çatdırılıb. İstanbul klubu gənc oyunçusunu icarəyə göndərməzdən əvvəl onunla 5 illik yeni müqavilə də bağlayıb.
Emir Ortakaya “Fənərbaxça”ya 2021-ci ilin yayında “Gənclərbirliyi”ndən transfer olunub.