İngiltərənin “Mançester Yunayted”in futbolçusu Aleks Tellesi icarəyə göndərib. Corner.az xəbər verir ki, 29 yaşlı futbolçu bundan sonra İspaniyanın “Sevilya” klubunun uğurları üçün çalışacaq.
Bu barədə onun yeni klubu rəsmi saytı vasitəsilə məlumat yayıb. Əndəlüs təmsilçisi onu 2022/23 mövsümünün sonuna kimi icarəyə götürüb. Braziliyalı müdafiəçi yeni komandasında 3 nömrəli formanı geyinəcək.
Aleks Telles 2020-ci ildən “Mançester Yunayted”də çıxış edirdi. O, “qırmızı şeytanlar”ın heyətində keçirdiyi 2 mövsüm ərzində 50 oyuna çıxıb, 1 qol vurub. Futbolçu daha öncə “Yuventude”, “Qremio”, “Qalatasaray”, “İnter” və “Portu”da da forma geyinib. Telles Braziliya yığmasında da 6 oyuna çıxıb.
“Sevilya” öz yarımmüdafiəçisi Usama İdrissini də Niderlandın “Feyenoord” klubuna icarəyə verib. Mərakeş yığmasının da üzvü olan futbolçu qarşıdakı mövsümün sonuna kimi Niderlandda çıxış edəcək.
Usama İdrissi 2020-ci ildən “Sevilya”da olsa da, bu komandada əsas heyət üzvünə çevrilə bilməyib. La Liqa klubunda cəmi 17 oyun keçirmiş futbolçu, “Ayaks” və “Kadis”ə də icarəyə verilmişdi. Vaxtilə “Qroningen” və “Alkmaar”da da oynamış futbolçu, məhz sonuncu klubdan 12 milyon avro qarşılığında “Sevilya”ya transfer edilmişdi. 26 yaşlı vinger Mərakeş yığmasında da 7 oyun keçirib.