28 noyabr 2024. Cümə axşamı

İtaliya klubundan 9 milyon avroluq transfer


  • Transfer
  • 14:24 05.08.2022
  • Oxunma sayı: 96
İtaliya klubundan 9 milyon avroluq transfer
İtaliyanın “Atalanta” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Seriyası təmsilçisi Almaniyanın “Leypsiq” klubunun yarımmüdafiəçisi Ademola Lukmanı transfer edib.
 
Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. 24 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Berqamo təmsilçisi bu keçidə görə Bundesliqa klubuna 9 milyon avro təzminat ödəniləcək. Bonuslarla bu məbləğin 15 milyon avroya qədər artması mümkündür.
 
Ademola Lukman peşəkar karyerasına “Çarlton Atletik” klubunda başlayıb. 2017-2019-cu illər aralığında isə o, “Everton”da çıxış edib. 2018-ci ildə “Leypsiq” onu icarə əsasında heyətinə qatıb, daha sonra transfer hüquqlarını da alıb. Amma Bundesliqa təmsilçisində möhkəmlənə bilməyən vinger, 2020/21 mövsümünü “Fulhem”də, geridə qalan mövsümü isə “Lester Siti”də icarədə keçirib. Futbolçu “Leypsiq”də cəmi 24 oyuna çıxıb. İngiltərədə dünyaya göz açan, bu ölkənin aşağı yaş qrupları üzrə komandalarında forma geyinmiş yarımmüdafiəçi, bu ildən Nigeriyanın əsas millisində çıxış edir. O, artıq bu komandanın heyətində 4 oyuna çıxıb, 1 qol vurub.
 
“Atalanta” öz oyunçuları Viktor Kovalenko ilə Nikolo Kambyaqini də icarəyə verib.  Kovalenko “Spetsiya”, Kambyaqini isə “Empoli”nin uğurları üçün çalışacaq. Hər iki futbolçu 2022/23 mövsümünün sonuna kimi icarədə oynayacaq.
 
Viktor Kovalenko 2021-ci ilin fevral ayında Ukraynanın “Şaxtyor” (Donetsk) klubundan “Atalanta”ya transfer olunsa da, bu komandada möhkəmlənə bilməyib. Bu üzdən o, ötən mövsümü də icarə əsasında məhz “Spetsiya”da keçirmişdi. Ukraynalı yarımmüdafiəçi geridə qalan mövsümdə bu komandanın heyətində meydana çıxdığı 26 oyunda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. 26 yaşlı futbolçu Ukrayna yığmasında 33 oyun keçirib.
 
Nikolo Kambyaqi isə “Atalanta”nın öz yetirməsidir. 21 yaşlı italiyalı hücumçu Seriya A klubunun əsas komandasında debüt etməsə də, “Recana” və “Pordenone” kimi klublarda icarədə çıxış edib. O, B Seriyasında meydana çıxdığı 54 oyunda 7 qol vurub, 5 məhsuldar ötürmə edib.
 
Yeri gəlmişkən, “Atalanta”nın müdafiəçisi Xose Luis Palomino antidopinq qaydalarını pozduğu üçün müvəqqəti olaraq komandadan kənarlaşdırılıb. Onun komandadan nə qədər uzaqlaşdırıldığı məlum deyil. 32 yaşlı mərkəz müdafiəçisi 2017-ci ildən “Atalanta”da çıxış edirdi. O, bu komandada 203 oyuna çıxıb, 8 qol vurub. Argentinalı futbolçu əvvəllər “San Lorenso”, “Argentinos Xuniors”, “Mets” və “Ludoqorets” kimi klubların da formasını geyinib.






Transfer