27 oktyabr 2024. Bazar günü

Monako'da 2 ayrılıq, bir yeni müqavilə


  • Transfer
  • 14:51 06.08.2022
  • Oxunma sayı: 115
Monako'da 2 ayrılıq, bir yeni müqavilə
Fransanın “Monako” klubu futbolçusu Ruben Aqilar ilə müqavilənin müddətini artırıb. Corner.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
29 yaşlı sağ cinah müdafiəçisi yeni müqaviləyə əsasən 2025-ci ilin yayına kimi “knyazlıq” təmsilçisinin uğurları üçün çalışacaq. Fransalı futbolçunun əvvəlki müqaviləsinin müddəti gələn ilin yayına kimi idi.
 
Ruben Aqilar 2019-cu ildən “Monako”nun uğurları üçün çalışır. O, bu komandanın heyətində keçirdiyi 3 mövsüm ərzində 100 oyuna çıxıb, 3 qol vurub. Sağ cinah müdafiəçisi Fransa yığmasında da 1 oyun keçirib. O, daha öncə “Monpelye”, “Oser”, “Qrenobl” və “Sent-Etyenn” klublarında da forma geyinib.
 
“Monako” öz oyunçularından Pele ilə Tyaqo Ribeyronu da icarəyə verib. 2022/23 mövsümünün sonuna kimi Pele Portuqaliyanın “Famalikan”, Ribeyro isə İspaniyanın “Valensiya” komandasının uğurları üçün çalışacaq
 
 Pele, 2018-ci ildən “Monako”da çıxış etsə də, bu komandada əsas heyətində çıxış edə bilməyib. Bu üzdən də o, əvvəlki mövsümlərdə “Nottingem Forest”, “Ridinq” və “Rio Ave” klublarına da icarəyə verilib.  Portuqaliyadan olsa da, Qvineya-Bisau yığmasının formasında çıxış edən 30 yaşlı yarımmüdafiəçi, “Belenenseş”, “Arsenal” (Kiyev), “Olhanense”, “Pasuş de Ferreyra” və “Feyrense” klublarının da uğurları üçün çalışıb. O, Qvineya-Bisau yığmasında 21 oyuna 1 qol vurub.
 
20 yaşlı Tyaqo Ribeyro “Monako”nun öz yetirməsidir. Portuqaliyalı futbolçu, bu ilin əvvəlində klubun əsas komandasında da debüt edib.






Transfer