Futbol üzrə Türkiyə milli komandasının müdafiəçisi Mert Çetin İtaliyada klubunu dəyişib. Corner.az xəbər verir ki, müqavilə ilə “Verona”ya məxsus olan 25 yaşlı futbolçu 2022/23 mövsümündə “Leççe”nin uğurları üçün çalışacaq.
Bunu sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıb. Ötən mövsüm B Seriyasının qalibi olaraq yeni mövsümü A Seriyasında keçirəcək “Leççe” türkiyəli mərkəz müdafiəçisini icarəyə götürüb.
Mert Çetin 2020-ci ildə “Roma”dan “Verona”ya transfer olunub. O, daha öncə “Hacettepe” və “Gənclərbirliyi” klublarının da uğurları üçün çalışıb. Geridə qalan mövsümdə isə futbolçu “Kayserispor”da icarədə oynayıb. Müdafiəçi Türkiyə millisində də 1 oyuna çıxıb.
Mert Çetini icarəyə göndərən “Verona” da heyətini yeni oyunçu ilə gücləndirib. Sözügedən klub “Breşiya”nın qapıçısı Simone Perillini transfer edib. 27 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb. O, daha öncə “Piza”, “Peruca”, “Pordenone”, “Recana” və “Pro Patria” kimi klubların da formasını geyinib.