İngiltərənin “Bornmut” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Midlsbro”nun yarımmüdafiəçisi Markus Tavernyeni heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu 5 illik müqaviləyə imza atıb.
“Bornmut” bu transfer üçün “Midlsbro”ya 11.9 milyon avro təzminat ödəyib.
Markus Tavernye “Midlsbro”nun öz yetirməsidir. O, bu klubun əsas komandasında 155 oyuna çıxıb, 18 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb. İngilis futbolçu 2018-ci ildə “Milton Kins Dons” klubunda icarədə də olub. Tavernye İngiltərənin U-19 və U-20 yığmalarında da oynayıb.
“Bornmut” öz oyunçularında Luis Kuk və Dominik Solanke ilə də yeni müqavilə imzalandığını diqqətə çatdırıb. Kukla 3+1, Solanke isə 4 illik yeni sözləşmə imzalanıb.
Luis Kuk 2016-cı ildən bu komandada çıxış edir. İngiltərədən olan mərkəz yarımmüdafiəçisi 6 mövsüm ərzində 149 oyuna çıxıb, 2 qol vurub. O, daha öncə yetirməsi olduğu “Lids”in formasını geyinib. 25 yaşlı futbolçu İngiltərə millisində də bir oyun keçirib.
Dominik Solanke də 2019-cu ildən bu klubun uğurları üçün çalışır. 24 yaşlı forvard bu komandada keçirdiyi 4 mövsüm ərzində 139 oyuna çıxıb, 50 qol vurub. “Çelsi”nin yetirməsi olan hücumçu “Vitess” və “Liverpul”un da formasını geyinib, İngiltərə millisində 1 oyuna çıxıb.