Almaniyanın “Borussiya” (Dortmund) klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Dortmund təmsilçisi “Köln” klubundan Antoni Modesteni transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 34 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
“Borussiya” fransalı futbolçu üçün qarşı tərəfə 5 milyon avro ödəyib. Modestenin yeni komandasında 20 nömrəli formanı geyinəcəyi açıqlanıb.
Antoni Modeste peşəkar karyerasına yetirməsi olduğu “Nitsa”da başlayıb. O, “Köln”ə qədər “Anje”, “Bordo”, “Blekbern”, “Bastiya”, “Hoffenhaym” kimi klublarda da forma geyinib. “Köln”ə 2015-ci ildə transfer olunmuş futbolçu 2017-ci ildə bu klubdan ayrılaraq Çinə, “Tianjin Quanjian”a transfer olunsa da, qısa müddətdən sonra yenidən Almaniyaya qayıdıb. “Köln” fransalı hücumçunu 2021-ci ildə də “Sent-Etyen”ə icarəyə vermişdi. Modeste geridə qalan mövsümdə Almaniya çempionatında meydana çıxdığı 32 oyunda 20 qol vurub. Bütövlükdə isə o, “Köln”də 156 oyunda 79 qol vurub, 10 məhsuldar ötürmə ilə yadda qalıb.
“Köln”ün Modeste ilə yanaşı müdafiəçisi Yannes Horn da “Bohum”a satıb. 25 yaşlı futbolçu yeni klubu ilə 2 illik müqavilə imzalanıb. Alman futbolçu yeni komandasında 38 nömrəli formanı geyinəcək. “Bohum” azad agent kimi heyətinə qatdığı mərkəz müdafiəçisi üçün heç bir təzminat ödəməyəcək.
Yannes Horn “Volfsburq”un yetirməsidir. O, 2017-ci ildən “Köln”də çıxış edirdi. Futbolçu bu müddətdə “Hannover”də icarədə də olub. Peşəkar karyerası ərzində bütövlükdə 217 matça çıxmış Horn, 1 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.