İtaliyanın “Roma” klubu iki futbolçusunu icarəyə göndərib. Corner.az xəbər verir ki, paytaxt təmsilçisi Karles Peresi “Selta”ya, Qonsalo Vilyarı isə “Sampdoriya”ya icarəyə verib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçu 2022/23 mövsümünün sonunadək icarəyə verilib. Tərəflər arasındakı müqavilədə satınalma şərti də nəzərdə tutulub. Bir mövsümlük icarə üçün “Roma”ya 1 milyon avro ödəyən “Selta” Karles Peresi birdəfəlik almaq istəsə, əlavə 11 milyon avrosundan keçməli olacaq. “Sampdoriya” isə Qonsalo Vilyarın birdəfəlik transferi üçün 8 milyon avro ödəməlidir.
İspaniyalı Karles Peres 2020-ci ildə yetirməsi olduğu “Barselona”dan “Roma”ya transfer olunub. 24 yaşlı vinger, “canavarlar”ın heyətində keçirdiyi 3 mövsüm ərzində 75 oyuna çıxıb, 8 qol vurub.
Qonsalo Vilyar da İspaniyadandır. 24 yaşlı yarımmüdafiəçi də 2020-ci ildən “Roma”da çıxış edirdi. O, bu komandada 3 mövsüm ərzində 64 oyuna çıxıb, cəmi 1 məhsuldar ötürmə müəllifi olub. İtaliya klubu yarımmüdafiəçini bu ilin əvvəlində “Xetafe”yə də icarəyə vermişdi. Daha öncə “Elçe” və “Valensiya”da da oynamış Vilyar, İspaniyanın əsas millisində 1 oyuna çıxıb.