İtaliyanın “İnter” klubu hücumçusu Aleksis Sançes ilə yollarını ayırıb. Corner.az xəbər verir ki, 33 yaşlı futbolçu bundan sonrakı karyerasını Fransanın “Olimpik” (Marsel) klubunda davam etdirəcək.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Hazırda Marsel şəhərində olan və tibbi müayinələrdən keçən çilili futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmır. Amma mətbuatda tərəflərin 2 illik razılaşma əldə olunduğu bildirilir. Sançes yeni klubuna azad agent kimi keçdiyi üçün, “Olimpik” bu transferə görə bir təzminat ödəməyəcək. Aleksisin yeni komandasında 70 nömrəli formada çıxış edəcəyi də vurğulanıb.
Aleksis Sançes 2019-cu ilin avqustundan “İnter”də çıxış edirdi. O, ötən mövsüm Milan klubunun heyətində meydana çıxdığı 39 oyunda 9 qol vurub, 5 məhsuldar ötürmə edib. Çilili futbolçu İtaliya klubunda keçirdiyi 3 mövsüm ərzində bütövlükdə 109 oyuna çıxıb, 20 qola imza atıb. O, burada İtaliya çempionu olub, İtaliya kubokunu və super kubokunu başı üzərinə qaldırıb. Ölkəsinin yığmasında 148 oyun keçirmiş futbolçu, bu görüşlərdə 48 qol vurub.
Xatırladaq ki, Aleksis peşəkar karyerasına “Kobreola” klubunda başlayıb. Daha sonra o, “Udineze”, “Kolo-Kolo”, “River Pleyt”, “Barselona”, “Arsenal” və “Mançester Yunayted” kimi komandalarda da çıxış edib.