İngiltərənin “Çelsi” klubu hücumçusu Timo Vernerlə yollarını ayırıb. Corner.az xəbər verir ki, 26 yaşlı futbolçu yenidən sabiq klubu “Leypsiq”ə qayıdıb.
Bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. London təmsilçisi 2 il öncə məhz “Leypsiq”dən 53 milyon avroya transfer etdiyi alman futbolçunu sözügedən klubun özünə 20 milyon avroya satıb. Bundesliqa klubu bonuslarla daha 10 milyon avro “Çelsi”yə ödəyə bilər.
Verner köhnə-yeni klubu ilə 4 illik müqavilə imzalayıb. O, “Leypsiq”də 11 nömrəli formanı geyinəcək.
Timo Verner “Çelsi”də keçirdiyi 2 mövsüm ərzində 89 oyuna çıxıb. O, bu matçlarda 23 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb.
“Ştutqart”ın yetirməsi olan Verner, “Leypsiq”dən öncə məhz bu komandanın uğurları üçün çalışıb. Almaniya yığmasında 53 oyuna çıxan hücumçu, 24 qola imza atıb.
“Leypsiq” Sloveniya yığmasının hücumçusu Benjamin Şeşkonu da transfer edib. Hazırda Avstriyanın “Zalsburq” klubunda edən futbolçu ilə müqavilə imzalanıb. Lakin bu müqavilə 2023-cü ilin 1 iyulundan qüvvəyə minəcək. Həmin vaxta qədər 19 yaşlı futbolçu “Zalsburq”un uğurları üçün çalışacağı diqqətə çatdırılıb. Şeşkonun “Leypsiq”lə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Sloveniyalı futbolçu 2019-cu ildən “Zalsburq”da çıxış edir. O, iki il “Liferinq”də icarədə də oynayıb. Benjamin “Zalsburq”da meydana çıxdığı 42 oyunda 13 qol vurub. O, Sloveniyanın əsas yığmasında 13 oyun keçirib, 2 qola imza atıb.
“Leypsiq” müdafiəçisi Anxelinyonu da “Hoffenhaym”a icarəyə göndərib. 25 yaşlı futbolçu 2022/23 mövsümünün sonuna kimi bu komandanın uğurları üçün çalışacaq.
Anxelinyo 2020-ci ildən “Leypsiq”də çıxış edir. O, bu komandanın heyətində 98 oyuna çıxıb, 12 qol və 28 məhsuldar ötürmə ilə yadda qalıb. İspan sol cinah müdafiəçisi əvvəllər “Mançester Siti”, “Nyu York Siti”, “Jirona”, “Malyorka”, “NAK Breda” və PSV kimi klublarda da forma geyinib.
Yeri gəlmişkən, “Çelsi” Verneri “Leypsiq”ə satmaqla yanaşı mərkəz müdafiəçisi Malanq Sarrı da Fransanın “Monako” klubuna icarəyə göndərib. Knyazlıq təmsilçisi 23 yaşlı futbolçunu satınalma şərti ilə bu mövsümün sonuna kimi icarəyə götürüb.
Malanq Sarr 2020-ci ildən “Çelsi”də çıxış etsə də, bu komandada cəmi 21 oyuna çıxıb. Fransalı futbolçu, 2020/21 mövsümündə “Portu”da icarədə də olub. Müdafiəçi Londona gələnə qədər yetirməsi olduğu “Nitsa”nın uğurları üçün çalışıb.
“Çelsi” müdafiəçisi Mett Miazqa ilə də yollarını ayırdığını diqqətə çatdırıb. 27 yaşlı futbolçu azad agent kimi ABŞ-ın “Çinçinnati” klubuna keçib. O, yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.
“Çelsi” Miazqanı 2016-cı ildə ABŞ-ın “Nyu York Red Bullz” klubundan 4.6 milyon avroya transfer etmişdi. Lakin ABŞ yığmasının üzvü London təmsilçisinin əsas komandasında cəmi 2 oyuna çıxıb. O, bu müddət ərzində “Vitess”, “Nant”, “Ridinq”, “Anderlext” və “Alaves” kimi klublara icarəyə verilib. Mərkəz müdafiəçisi ABŞ yığmasında 22 oyuna çıxıb, 1 qol vurub.