27 oktyabr 2024. Bazar günü

Latsio'dan 2 milyon avroluq transfer


  • Transfer
  • 16:58 11.08.2022
  • Oxunma sayı: 84
Latsio'dan 2 milyon avroluq transfer
İtaliyanın “Latsio” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, paytaxt təmsilçisi “Spetsiya”nın qapıçısı İvan Provedelini transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı qapıçı ilə 5 illik müqavilə imzalanıb. “Latsio” italiyalı oyunçuya görə qarşı tərəfə 2 milyon avro ödəyib.
 
İvan Provedel 2020-ci ildən “Spetsiya”da çıxış edirdi. O, daha öncə “Piza”, “Peruca”, “Modena”, “Pro Verçelli” və “Yuve Stabia” klublarının da formasını geyinib.
 
“Latsio” öz futbolçularından Qonsalo Eskalante ilə Mattia Novellanı da icarəyə göndərib. A Seriya klubu Eskalanteni “Kremoneze”yə, Novellanı isə “Piçerno”ya icarəyə verib. Klubun rəsmi saytının yaydığı məlumata görə, hər iki futbolçu 2022/23 mövsümünün sonuna kimi icarə əsasında sözügedən klubların uğurları üçün çalışacaq. Eskalantenin müqaviləsində satınalma şərti də var.
 
Argentinadan olan Qonsalo Eskalante 2020-ci ildən “Latsio”da çıxış edirdi. 29 yaşlı yarımmüdafiəçi daha öncə “Boka Xuniors”, “Kataniya” və “Eybar”da da forma geyinib. Bu ilin əvvəlində isə o, “Alaves”ə icarəyə verilmişdi. Sağ cinah müdafiəçisi olan Mattia Novella isə “Latsio”nun öz yetirməsidir. 21 yaşlı futbolçu hələ əsas komandada debüt etməyib.
 
Yeri gəlmişkən, İvan Provedeli “Latsio”ya satan “Spetsiya” da heyətini yeni qapıçı ilə gücləndirib. A Seriya təmsilçisi  “Fiorentina”nın qapıçısı Bartolomey Draqovskini transfer edib. “Spetsiya” polşalı oyunçu üçün qarşı tərəfə 2 milyon avro ödəyib. 24 yaşlı qolkiperlə 3 illik müqavilə imzalanıb.
 
Bartolomey Draqovski 2016-cı ildən “Fiorentina”da çıxış edirdi. O, 2019-cu ildə “Empoli”də icarədə də oynayıb. Polşa yığmasının üzvü Florensiya təmsilçisində 125 oyun keçirib. O, bu görüşlərdə qapısından 125 top buraxıb, 20 oyunda isə toxunulmaz saxlayıb. Millidə 2 oyun keçirmiş qolkiper, daha öncə ölkəsində “Yagelloniya”nın uğurları üçün çalışıb.






Transfer