27 oktyabr 2024. Bazar günü

Napoli qapıçısını yenə icarəyə göndərdi


  • Transfer
  • 00:28 12.08.2022
  • Oxunma sayı: 76
Napoli qapıçısını yenə icarəyə göndərdi
İtaliyanın “Sampdoriya” klubu heyətini yeni futbolçularla gücləndirib. Corner.az xəbər verir ki, A Seriyası təmsilçisi ukraynalı qapıçı Nikita Kontini, fransalı müdafiəçi Maksim Leverbe və venesuelalı yarımmüdafiəçi Telasko Seqoviyanı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Seqoviya Venesuelanın “Deportivo Lara” klubundan birdəfəlik transfer olunub. İtaliya klubu 19 yaşlı futbolçunu azad agent kimi heyətinə qatdığına görə heç bir təzminat ödəməyib. Yarımmüdafiəçi yetirməsi olduğu “Deportivo Lara”da 2019-cu ildən əsas komandanın uğurları üçün çalışırdı. O, bu il Venesuelanın əsas yığmasında da debüt edib.
 
Nikita Kontini “Napoli”dən, Maksim Leverbe isə “Piza”dan icarəyə götürüülb. Hər iki oyunçu 2022/23 mövsümünün sonuna kimi “Sampdoriya”nın uğurları üçün çalışacaq. 
 
Kontini “Napoli”nin öz yetriməsidir. O, 2008-ci ildən bu klubdadır.  Neapol təmsilçisi 26 yaşlı qolkiperə indiyə qədər əsas komandada oynamaq şansı verməyib. Əvəzində o, SPAL, “Karrareze”, “Taranto”, “Pontedera”, “Syena”, “Virtus Entella”, “Krotone” və “Viçensta” kimi klublarda icarə əsasında çıxış edib.
 
Maksim Leverbe 2021-ci ildən “Piza”da çıxış edirdi. “Ayaçço”nun yetirməsi olan 25 yaşlı müdafiəçi, 2017-2019-cu illər aralığında da “Sampdoriya”da olub. Lakin həmin vaxt o, əsas komandada şans tapa bilmədiyi üçün “Olbia” və “Kalyari”yə icarəyə verilib. Fransalı futbolçu “Piza”dan öncə iki mövsüm “Kyevo”nun da uğurları üçün çalışıb.
 
“Sampdoriya” öz hücumçusu Ernesto Torreqrossanı da “Piza”ya icarəyə verib. 30 yaşlı forvard 2021-ci ildən bu klubda çıxış edirdi. İtaliyalı oyunçu, bu ilin yanvarında da “Piza”ya icarəyə verilmişdi. Təcrübəli hücumçu əvvəllər “Verona”, “Sirakusa”, “Monza”, “Komo”, “Lumezzane”, “Krotone”, “Trapani” və “Breşiya”nın da uğurları üçün çalışıb.
 
Genuya təmsilçisi digər oyunçularından Antonino La Quminanı (26 yaşlı hücumçu) “Benevento”ya, Marko Sommanı (20 yaşlı sağ cinah müdafiəçisi) “Pontedera”ya, Matteo Stoppanı (21 yaşlı hücumçu) da “Palermo”ya icarəyə göndərib. 23 yaşlı müdafiəçi Tommazo Farabeqoli isə “Sanjuliano” klubuna birdəfəlik transfer olunub.






Transfer