İspaniyanın “Almeriya” klubu heyətini yeni futbolçularla gücləndirib. Corner.az xəbər verir ki, La Liqanın yeni iştirakçısı olan klub braziliyalı hücumçu Leo Baptistao ilə ispaniyalı qapıçı Fernando Paçekonu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçu 4 illik müqaviləyə imza atıb. Azad agent kimi transfer olunan Paçekoya görə “Alaves”ə heç bir təzminat ödənilməyib. “Santos”dan heyətə qatılan Baptistao üçün Braziliya təmsilçisinə 1.5 milyon avro ödənilib.
Leo Baptistao peşəkar karyerasına “Rayo Valyekano”da başlayıb. 29 yaşlı hücumçu sonralar “Atletiko” (Madrid), “Betis”, “Vilyarreal”, “Espanyol”, “Uhan Zall” (Çin) kimi klubların da formasını geyinib. Braziliyalı futbolçu 2021-ci ilin avqustunda öz ölkəsinə qayıdaraq “Santos”la müqavilə imzalamışdı. Baptistao peşəkar karyerası ərzində bütövlükdə 309 oyuna çıxıb, 61 qol vurub, 33 məhsuldar ötürmə müəllifi olub.
Fernando Paçeko isə Madrid “Real”ının yetirməsidir. İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarında və Madrid təmsilçisinin B komandasında oynamış qolkiper, əsas komandada debüt edə bilməyib. 30 yaşlı futbolçu 2015-ci ildən “Alaves”in uğurları üçün çalışırdı. O, bu komandanın heyətində 229 oyuna çıxıb.