İtaliyanın “Salernitana” klubu heyətini yeni futbolçularla gücləndirib. Corner.az xəbər verir ki, A Seriyası təmsilçisi İspaniyanın “Espanyol” klubundan Tonni Vilyenanı, Fransa “Mets”indən Dilan Bronnu, “Sampdoriya”dan Antonio Kandrevanı heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Espanyol”dan transfer olunan Tonni Vilyena 2022/23 mövsümünün sonuna kimi icarə əsasında çıxış edəcək. Müqavilədə satınalma şərti də var. “Salernitana” bu hüququndan yararlanmaq istəsə, 3.5 milyon avrosundan keçməli olacaq.
Tonni Vilyena “Espanyol”a bu ilin əvvəlində Rusiyanın “Krasnodar” klubundan keçib. O, geridə qalan mövsümün ikinci yarısında La Liqa klubunda 11 oyuna 1 qol vurub. “Feyenoord”un yetirməsi olan, uzun illər məhz bu komandada forma geyinmiş 27 yaşlı yarımmüdafiəçi, Niderland yığmasında da 15 oyuna çıxıb.
“Mets”dən transfer edilən Dilan Bronn üçün 1 milyon avro ödənilib. Tunis yığmasının üzvü İtaliya klubu ilə 3 illik müqavilə bağlayıb. 27 yaşlı müdafiəçi, 2020-ci ildən “Mets”də oynayırdı. O, bu komandada 2 mövsüm ərzində 49 oyuna çıxıb, 2 qol vurub. Mərkəz müdafiəçisi əvvəllər “Kann”, “Nyor” və “Gent” klublarının da uğurları üçün çalışıb, Tunis millisində meydana çıxdığı 35 oyunda 2 qola imza atıb.
“Sampdoriya”dan azad agent kimi gələn Antonio Kandreva üçün isə heç bir ödəniş edilməyib. 35 yaşlı italyan vinger yeni klubu ilə 1+1 illik müqavilə bağlayıb.
Kandreva 2020-ci ildən “Sampdoriya”da çıxış edirdi. Təcrübəli futbolçu bu komandanın heyətində meydana çıxdığı 76 oyunda 12 qol vurub. İtaliya yığmasının sabiq üzvü “Ternana”, “Udineze”, “Livorno”, “Yuventus”, “Parma”, “Çezena”, “Latsio” və “İnter” klublarının da formasını geyinib. O, yığmada 54 oyun keçirib, 7 qola imza atıb.
“Salernitana” yarımmüdafiəçisi Mamadu Kulibalini də “Ternana”ya icarəyə göndərib. Ötən il “Udineze”dən transfer olunmuş 23 yaşlı futbolçu, bu komandada 30 oyun keçirib, 2 qol vurub.Seneqallı oyunçu, “Peskara”, “Kapri”, “Virtus Entella” və “Trapani” kimi klubların da formasını geyinib.