Türkiyənin “Konyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi “Midlsbro”dan Uçe İkpeazunu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İngiltərəli hücumçu ilə 2+1 illik müqavilə imzalanıb. 27 yaşlı forvard yeni komandasında 29 nömrəli formanı geyinəcək. Konyalıların bu transfer üçün qarşı tərəfə nə qədər ödədiyi açıqlanmır.
İkpeazu 2021-ci ilin iyulundan “Midlsbro”da çıxış edirdi. O, bu ilin əvvəlində “Kardiff Siti”yə icarəyə verilmişdi. Hücumçu karyerası ərzində “Uikomb Uonderers”, “Harts”, “Kembric Yunayted”, “Blekpul”, “Port Veyl”, “Kryu Aleksandra”, “Donkaster Rovers” kimi komandalarda da forma geyinib.
Konya klubu müdafiəçisi Gilyerme Sitya ilə də yeni müqavilə bağlayıb. 32 yaşlı sol cinah müdafiəçisi ilə 2 illik yeni sözləşmə imzalanıb.
Braziliyalı futbolçu 2020-ci ilin yayından “Konyaspor”da forma geyinir. O, bu komandanın heyətində indiyə qədər 86 oyuna çıxıb, 5 qol vurub, 10 məhsuldar ötürmə edib. Müdafiəçi daha öncə “Yagelloniya”, “Termalika”, “Styaua”, “Qroyter”, “Petrolul”, “Konkordiya”, “Kaşias” və “Portu Aleqri” kimi klubların da formasını geyinib.
“Konyaspor” daha öncə Konrad Mixalak, Fransisko Kalvo, Domaqoy Paviçiç, Məhəmməd Dəmir, Ahmet Oğuz, Cebrail Karayel, Kahraman Demirtaş, Erhan Erentürk, Yasir Subası, Bruno Paz və Robert Muriçi də transfer etmişdi.