28 noyabr 2024. Cümə axşamı

Tottenhem onu La Liqa klubuna icarəyə verdi


  • Transfer
  • 15:18 15.08.2022
  • Oxunma sayı: 116
Tottenhem onu La Liqa klubuna icarəyə verdi
İngiltərənin “Tottenhem” klubu yarımmüdafiəçisi Covani Lo Çelsonu icarəyə göndərib. Corner.az xəbər verir ki, argentinalı oyunçunu 2022/23 mövsümünün sonuna kimi İspaniyanın “Vilyarreal” klubunun uğurları üçün çalışacaq.
 
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. 
 
26 yaşlı futbolçu  2019-cu ilin avqustundan “Tottenhem”də forma geyinirdi. O, London təmsilçisində 84 oyuna çıxıb, 9 qol vurub. Argentinalı yarımmüdafiəçi daha öncə “Rosario Sentral”, PSJ və “Betis”də də forma geyinib. O, Argentina yığmasında 39 oyuna çıxıb, 2 qol vurub.
 
“Vilyarreal” ispan yarımmüdafiəçisi Dieqo Kolyado ilə də yeni müqavilə imzalayıb. 21 yaşlı vinger ilə 3 illik sözləşmə imzalanıb.
 
 “Tottenhem” digər oyunçusu Kayon Eteteni də “Kardiff Siti” klubuna satıb. Çempionşip təmsilçisi 20 yaşlı hücumçunun keçidi üçün London klubuna 600 min avro ödəyib. “Tottenhem” Eteteni 2019-cu ildə “Notts Kaunti”dən transfer etmişdi. O, əvvəlki mövsümlərdə “Northempton Taun” və “Çeltnem Taun” klublarına icarəyə də verilmişdi.
 
Yeri gəlmişkən, “Tottenhem” sabiq hücumçusu Cermeyn Defonun da klubda məşqçi kimi fəaliyyətə başladığını da diqqətə çatdırıb. O, klubun futbol akademiyasında çalışacaq, həmçinin London klubunun səfiri olacaq. 

Defo 2004-2008, həmçinin 2009-2014-cü illər aralığında məhz “Tottenhem”də forma geyinib. O, bu komandanın heyətində meydana çıxdığı 363 oyunda 143 qol vurub. İngiltərə yığmasının sabiq üzvü “Vest Hem”, “Bornmut”, “Portsmut”, “Toronto”, “Sanderlend” və “Reyncers”də də forma geyinib. Sonuncu iş yeri bu ilin əvvəlində keçdiyi “Sanderlend” olan Defo, klub karyerası ərzində bütövlükdə 762 oyun keçirib, 305 qola imza atıb. Bu yay futbolçu karyerasını başa vuran 39 yaşlı hücumçu, İngiltərə yığmasında da 57 oyuna 20 qol vurub.






Transfer