27 oktyabr 2024. Bazar günü

Premyer Liqa klubunda 3 yeni transfer, 3 ayrılıq


  • Transfer
  • 21:49 15.08.2022
  • Oxunma sayı: 95
Premyer Liqa klubunda 3 yeni transfer, 3 ayrılıq

İngiltərənin “Nottingem Forest” klubu heyətini yeni futbolçularla gücləndirib. Corner.az xəbər verir ki, Premyer Liqanın yeni klubu “Kristal Pelas”dan Şeyxu Kuyateni, “Uotford”dan Emmanuel Dennisi, “Atalanta”dan isə Remo Froyleri transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Kristal Pelas”dan azad agent kimi ayrılmış Şeyxu Kuyate ilə 2 illik müqavilə imzalanıb.

Emmanuel Dennis üçün “Nottingem Forest” 14.8 milyon avrosundan keçməli olub.

24 yaşlı futbolçu 4 illik müqaviləyə imza atıb. Remo Froyler  “Atalanta”ya 9 milyon avro ödənilib. İsveçrədən olan yarımmüdafiəçi ilə müqavilənin müddəti açıqlanmayıb.

Şeyxu Kuyate peşəkar karyerasına “RWDM Brussels” klubunda başlayıb. O, Belçikada “Anderlext” və “Kortreyk”in də formasını geyinib. Yarımmüdafiəçi 2014-2018-ci illər aralığında “Vest Hem”də forma geyinib. O, “Kristal Pelas”a da 2018-ci ildə məhz “Vest Hem”dən gəlmişdi. 32 yaşlı futbolçu “Kristal Pelas”da 4 mövsüm ərzində 141 matça çıxıb, 3 qol vurub. Kuyate Seneqal yığmasında 82 matç keçirib, 4 qola imza atıb.

Emmanuel Dennis peşəkar karyerasına 2016-cı ildə Ukraynanın “Zarya” klubunda başlayıb. 24 yaşlı hücumçu 2017-ci ildə “Brügge”yə transfer olunub. O, 2021-ci ilin ilk yarısında Almaniyanın “Köln” komandasında icarədə olub. 2021-ci ilin iyununda isə nigeriyalı hücumçu “Uotford”a 5 illik müqaviləyə imza atmışdı. Dennis burada 37 oyun keçirib, 10 qol vurub. O, Nigeriya millisində 7 oyuna çıxıb, 1 qola imza atıb.

Remo Froyler isə 2016-cı ildən “Atalanta”da çıxış edirdi. 30 yaşlı yarımmüdafiəçi A Seriyası təmsilçisində keçirdiyi 6 mövsüm ərzində bütövlükdə 260 matça çıxıb və 21 qolla yadda qalıb. O, daha öncə öz ölkəsində “Vintertur”, “Qrasshopper” və “Lutsern”də forma geyinib. İsveçrəli yarımmüdafiəçi yığmada isə 46 oyuna çıxıb, 4 qol vurub.

“Nottingem Forest” öz oyunçularından Xande Silva, Nuno da Kosta və Co Lolli ilə də yolların ayrıldığı diqqətə çatdırılı. Xande Silva bundan sonrakı karyerasını Fransanın “Dijon” klubunda davam etdirəcək. 25 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb. Portuqaliyalı yarımmüdafiəçi 2021-ci ilin avqustundan “Nottingem Forest”də çıxış edirdi. O, bu komandada cəmi 10 oyuna çıxıb.

Nuno da Kosta da Fransanın digər klubu “Oser”in uğurları üçün çalışacaq. 31 yaşlı hücumçu bu klubla 2+1 illik müqavilə bağlayıb. Kabo Verdeli hücumçu 2020-ci ilin yanvarından formasını geyindiyi “Nottingem Forest”də cəmi 14 oyuna çıxsa da, heç bir qolla yadda qala bilməyib. O, bu müddətdə “Muskron” və “Kan”a icarəyə də verilib.

Co Lolli isə karyerasını Avstraliyanın “Sidney” komandasında davam etdirəcək. İngiltərəli yarımmüdafiəçi yeni klubu ilə 2 illik müqavilə bağlayıb. 29 yaşlı vinger 2018-ci ildən formasını geyindiyi “Nottingem Forest”də 169 oyuna 26 qol vurub.

Premyer Liqanın yeni iştirakçısı üç oyunçusunu da icarəyə göndərdiyini açıqlayıb. 22 yaşlı yarımmüdafiəçi Brayan Oxeda ABŞ-ın “Real Solt Leyk Siti”,  27 yaşlı sağ cinah müdafəçisi Riçi Lareya isə “Toronto” klubuna icarəyə göndərilib. Şotlandiyalı 21 yaşlı qapıçı Niki Hoqart da qarşıdakı mövsümü öz ölkəsində – “Folkirk” komandasında icarədə keçirəcək.







Transfer