27 oktyabr 2024. Bazar günü

Barselona'nın sabiq futbolçusu Türkiyə klubunda


  • Transfer
  • 10:49 16.08.2022
  • Oxunma sayı: 97
Barselona'nın sabiq futbolçusu Türkiyə klubunda
İspaniya  “Betis”inin müdafiəçisi Mark Bartra Türkiyənin “Trabzonspor” klubuna keçidi rəsmiləşib. Corner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
31 yaşlı futbolçu ilə 3 illik müqaviləyə imza atıb. Qaradəniz təmsilçisi ispan futbolçu üçün La Liqa klubuna 1 milyon 250 min avro ödəyib. O, 2025-ci ilin 30 iyununa kimi formasını geyinəcəyi bu klubda ilinə 1.5 milyon avro qazanacaq.
 
Mark Bartra “Barselona”nın yetirməsidir. O, 2010-2016-cı illər aralığında bu klubun əsas komandasında çıxış edib. 2016-cı ildə isə müdafiəçi Almaniyanın “Borussiya” (Dortmund) klubuna keçib. Almaniyada cəmi 2 mövsüm keçirən futbolçu 2018-ci ilin yanvarından “Betis”də çıxış edirdi. O, bu komandanın heyətində 5 mövsüm ərzində 146 matça çıxıb, 7 qol vurub. Mərkəz müdafiəçisi İspaniya millisində də 14 oyun keçirib, 1 qola imza atıb.
 
Yeri gəlmişkən, “Trabzonspor” müdafiəçisi İsmail Köybaşı ilə müqaviləyə xitam verdiyini diqqətə çatdırıb. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, 33 yaşlı futbolçuya 2023-cü ildə bitməli olan müqaviləsinin ləğvi üçün 2 milyon 350 milyon TL təzminat ödənilib.
 
İsmail Köybaşı 2021-ci ildən “Trabzonspor”da çıxış edirdi. Təcrübəli müdafiəçisi daha öncə “Rizəspor”, “Qranada”, “Fənərbaxça”, “Beşiktaş” və “Qaziantepspor”da da forma geyinib. O, Türkiyə millisində 23 oyuna çıxıb.
 
Mark Bartranı göndərən “Betis” də yarımmüdafiəçisi Dieqo Layneslə yeni müqavilə imzalandığını açıqlayıb. Yeni sözləşməyə əsasən, 22 yaşlı futbolçu 2025-ci ilin yayına kimi sözügedən kluba məxsus olacaq. Lakin La Liqa təmsilçisi  yeni müqavilədən sonra meksikalı vingeri Portuqaliyanın “Braqa” klubuna icarəyə göndərib. Müqavilədə satınalma şərtinin də olduğu diqqətə çatdırılıb. Portuqaliya klubu gələn yay bu oyunçunu birdəfəlik transfer etmək istəsə, ispanlara 7 milyon avro ödəməlidir.
 
Peşəkar karyerasına Meksikanın “Amerika” klubunda başlamış Laynes, “Betis”ə 2019-cu ilin yanvarında gəlib. O, La Liqa klubunda keçirdiyi 4 mövsüm ərzində 72 oyuna çıxıb, 4 qol vurub.






Transfer