Türkiyənin “Qaziantep” klubu heyətini yeni futbolçularla gücləndirib. Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi Onurhan Babuscu, Abdulkerim Çakar və Berkan Küpelikılınçı heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Berkan və Onurhan 4, Abdulkerim 3 illik müqaviləyə imza atıb.
Onurhan Babuscu Avstriyanın “Admira Vakker” klubundan transfer olunub. 19 yaşlı yarımmüdafiəçi məhz bu klubun yetirməsidir. Türk əsilli futbolçu Avstriyada dünyaya göz açdığı üçün, bu ölkənin U-15, U-16 və U-17 yığmalarında forma geyinib.
Abdulkerim Çakar isə Almaniyanın “Kayzerslautern” klubunun yetirməsidir. O, Frankfurt “Ayntraxt”ının da aşağı yaş qrupları üzrə komandalarında oynayıb. 21 yaşlı forvard 2020-ci ildən “Hoffenhaym”ın gənclərdən ibarət komandasında çıxış edirdi. O, qısa müddət Portuqaliyanın “Akademiko Vizeu” klubunda da forma geyinib. Almaniya doğumlu futbolçu bu ölkənin U-16, U-17 və U-18 yığmalarında da oynayıb.
Berkan Küpelikılınç da Almaniyada dünyaya göz açıb və futbola “Ayntraxt”ın akademiyasında başlayıb. 19 yaşlı futbolçu müdafiənin sağ cinahında çıxış edir.
“Qaziantep” hücumçusu Torgeyr Borvenlə də yollarını ayırdığını diqqətə çatdırıb. 30 yaşlı futbolçu “Valerenqa”ya transfer olunub. Norveç klubu bu keçidə görə Super Liqa klubuna cəmi 500 min avro ödəyib.
Qazianteplilər Borveni 2021-ci ilin yayında “Ankaragücü” klubundan transfer etmişdilər. Norveçli futbolçu bu komandada cəmi 16 oyuna çıxsa da, qol və məhsuldar ötürmə ilə yadda qalmayıb. O, daha öncə “Rusenborq”, “Odd”, “Brann”, “Tvente” və “Valerenqa”da da forma geyinib.