İtaliyanın “Salernitana” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, A Seriyası təmsilçisi “Spetsiya”nın futbolçusu Culio Maccioreni transfer edib.
24 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. “Salernitana” italiyalı futbolçu üçün qarşı tərəfə 4.5 milyon avro ödəyib.
Culio Macciore “Spetsiya”nın öz yetirməsidir. Yarımmüdafiəçi karyerası ərzində yalnız bu komandanın uğurları üçün çalışıb. O, sözügedən klubun əsas komandasında 188 oyuna 18 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. Macciore İtaliyanın aşağı yaş qrupları üzrə yığmalarında da çıxış edib.
Yeri gəlmişkən, Culio Maccioreni göndərən “Spetsiya” 19 yaşlı futbolçusu Canluka Skremini də “İmoleze” klubuna satıb. Lakin bu transferin detalları barədə açıqlama verilməyib.
“Spetsiya” bu yay “Cenoa”dan transfer etdiyi Laurens Serpeni də “İmoleze”yə icarəyə göndərib. 21 yaşlı müdafiəçi mövsümün sonuna kimi bu komandada forma geyinəcək. İtalyan futbolçu daha öncə “Krotone”də də icarədə oynayıb.