Fransanın “Bordo” klubu hücumçusu Mbaye Nyanqla yollarını ayırıb. Corner.az xəbər verir ki, Liqa 1-in yeni iştirakçısı “Oser” 27 yaşlı futbolçunu transfer edib.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Yeni klubuna azad agent kimi keçən seneqallı futbolçu 2 illik müqaviləyə imza atıb.
Mbaye Nyanq 2021-ci ilin sentyabrından “Bordo”da çıxış edirdi. O, bu komandanın heyətində meydana çıxdığı 23 oyunda 7 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Hücumçu daha öncə “Kan”, “Milan”, “Monpelye”, “Cenoa”, “Uotford”, “Torino”, “Renn” və “Əl-Əhli” klublarının da uğurları üçün çalışıb. O, Seneqal yığmasında 23 oyuna 4 qol vurub.
“Oser” Nyanqla yanaşı, “Zalsburq”un futbolçusu Gideon Mensahı da transfer edib. 24 yaşlı sol cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb. Liqa 1 klubu bu keçidə görə Avstriya klubuna nə qədər təzminat ödədiyi açıqlanmayıb.
Gideon Mensah Avstriyada “Liferinq”, “Şturm Qrats”, Belçikada “Sulte Varegem”, Portuqaliyada “Vitoriya” (Gimaraynş) klublarının da formasını geyinib. Ötən mövsümdə isə o, icarə əsasında “Bordo”da oynayıb. Müdafiəçi Qana yığmasında da 4 oyun keçirib.
Nyanq “Oser”də 11, Mensah isə 14 nömrəli formanı geyinəcək.