27 oktyabr 2024. Bazar günü

İtaliya klubundan 8 milyonluq transfer


  • Transfer
  • 15:20 19.08.2022
  • Oxunma sayı: 99
İtaliya klubundan 8 milyonluq transfer
İtaliyanın “Bolonya” klubu heyətini yeni futbolçularla gücləndirib. Corner.az xəbər verir ki, A Seriyası təmsilçisi Belçikanın “Genk” klubunun müdafiəçisi Con Lukumini və Uruqvay “Nasional”ından Xoakin Sosanı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Lukumi yeni klubu ilə 3, Sosa isə 5 illik müqavilə imzalayıb. A Seriyası təmsilçisi uruqvaylı futbolçu üçün “Nasional”a 1.7, kolumbiyalı oyunçu üçün isə “Genk”ə isə 8 milyon avro ödəyib.
 
Xoakin Sosa “Nasional”ın yetirməsidir. 20 yaşlı müdafiəçi icarə əsasında ölkəsinin “Rentistas” və “Liverpul” (Montevideo) klublarının da formasını geyinib. Gənc müdafiəçi Uruqvayın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.
 
Con Lukumi isə 2018-ci ildən “Genk”də çıxış edirdi. Belçika klubu kolumbiyalı müdafiəçini həmin vaxt Kali “Deportivo”sundan 2.5 milyon avroya transfer etmişdi. O, bu komandada 137 oyuna çıxıb, 3 qol vurub, 2 məhsuldar ötürmə edib. Müdafiəçi Kolumbiya yığmasında da 4 oyun keçirib.
 
“Bolonya” qapıçısı Lukaş Skorupski ilə də yeni müqavilə imzalandığını açıqlayıb. Polşalı qolkiper 3+1 illik sözləşməyə imza atıb. 31 yaşlı futbolçunun əvvəlki müqaviləsinin müddəti 2023-cü ilin yayına qədər idi.
 
Lukaş Skorupski “Bolonya”ya 2018-ci ildə “Roma”dan transfer olunub. O, bu komandanın heyətində 142 matça çıxıb. Təcrübəli qolkiper İtaliyada “Empoli”nin də uğurları üçün çalışıb. O, daha öncə ölkəsində “Qornik” və “Rux” komandalarında forma geyinib. Lukaş Polşa yığmasında da 7 oyuna çıxıb.
 






Transfer