Almaniyanın “Herta” klubu heyətini daha dörd futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Bundesliqa təmsilçisi yarımmüdafiəçilər - Xorvatiyadan olan İvan Şunyiç, Fransadan olan Uilfrid Kanqa, Niderlanddan olan Jan-Pol Boetyusu və Nigeriyadan olan Çidera Ejukeni transfer edib.
İvan Şunyiç İngiltərənin “Birmingem Siti” klubundan satınalma şərti ilə icarəyə götürülüb. 25 yaşlı dayaq yarımmüdafiəçisi daha öncə Zaqrebin “Dinamo” və “Lokomotiva” klublarında da çıxış edib. O, Xorvatiya yığmasında 1 oyun keçirib.
Çidera Ejuke də Rusiyanın ÇSKA (Moskva) klubundan icarəyə götürülüb. 24 yaşlı vinger 2020-ci ildən paytaxt təmsilisində forma geyinirdi. O, daha öncə “Qombe Yunayted”, “Valerenqa” və “Herenven”də çıxış edib. Ejuke ölkəsinin milli komandasında da 3 oyuna çıxıb.
Uilfrid Kanqa PSJ-nin yetirməsidir. 24 yaşlı vinger 2021-ci ildən “Yanq Boyz”da çıxış edirdi. Fransanın U-20 yığmasının sabiq yarımmüdafiəçisi daha öncə “Kretel”, “Anje” və “Kayserispor” klublarında da çıxış edib. Almaniya klubu onun transferi üçün İsveçrə klubuna 4 milyon avro ödəyib. Kanqa yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.
Jan-Pol Boetyus isə Bundesliqanın digər təmsilçisi “Maynts”dan transfer olunub. O, sözügedən klubdan azad agent kimi ayrılaraq yeni hertalılarla 3 illik müqaviləyə imza atıb. Niderlanddan olan 28 yaşlı vinger 2018-ci ildən “Maynts”ın uğurları üçün çalışırdı. Yarımmüdafiəçi bu komandada 127 oyuna çıxıb, 12 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb. Niderland yığmasında 1 oyun keçirmiş Boetyus, “Feyenoord”, “Bazel” və “Genk”də də çıxış edib.
“Herta” öz oyunçularından Javayro Dilrosun, Cordan Torunariqa və Yurgen Ekkelekampı da satıb. Javayro Dilrosun 4 milyon avro qarşılığında Niderland “Feyenoord”una transfer olunub. O, 2018-ci ildən formasını geyindiyi Bundesliqa təmsilçisində 59 oyuna çıxıb, 6 qol və 8 məhsuldar ötürmə edib. Niderland yığmasında 1 oyun keçirmiş 24 yaşlı vinger, ötən mövsüm Fransanın “Bordo” komandasında icarədə çıxış edib.
Belçika “Gent”i Cordan Torunariqa 3.5 milyon avro qarşılığında heyətinə qatıb. 25 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb. “Herta”nın öz yetirməsi olan almaniyalı futbolçu, bu komandada 81 oyun keçirib, 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Bundesliqa təmsilçisi müdafiəçini bu ilin əvvəlində də “Gent”ə icarəyə vermişdi.
Belçikanın digər təmsilçisi “Antverpen” isə Yurgen Ekkelenkampı 5 milyon avro ödəyərək transfer edib. Niderlanddan olan yarımmüdafiəçi yeni klubu ilə 4 illik müqavilə bağlayıb. “Ayaks”ın yetirməsi olan 22 yaşlı futbolçu Almaniya klubuna ötən ilin yayında 3 milyon avroya transfer olunmuşdu. O, Bundesliqa təmsilçisində 22 oyuna 3 qolla yadda qalıb.