Almaniyanın “Maynts” klubu heyətinə yeni yarımmüdafiəçi cəlb edib.
Corner.az xəbər verir ki, sözügedən klub Fransanın “Anje” klubundan Angelo Fulginini transfer edib. Fil Dişi Sahilindən olan oyunçu ilə 4 illik müqavilə imzalanıb. Bundesliqa klubu 26 yaşlı futbolçunun transferi üçün qarşı tərəfə 6 milyon avro ödəyib.
Fulgini daha öncə Fransada “Valensyenn” komandasında da forma geyinib.
“Maynts” müdafiəçisi Ronel Pyer-Qabrieli də Fransanın “Strasburq” klubuna icarəyə göndərib. 24 yaşlı futbolçu mövsümün sonuna kimi Fransa klubunun uğurları üçün çalışacaq.
2019-cu ildən Almaniya klubunda çıxış edən fransız futbolçu burada əsas heyətin oyunçusuna çevrilə bilməyib. Bu üzdən o, son iki ildə icarə əsasında “Brest”də çıxış edib. Futbolçu daha öncə ölkəsində “Sent-Etyen” və “Monako”nun da formasını geyinib.